Çində internetə giriş üztanınma texnologiyası ilə mümkün olacaq
Çində tətbiq olunan yeni qanuna əsasən, bütün vətəndaşların internetə çıxışı üçün şəxsiyyət vəsiqəsinin təqdim olunması və üz cizgilərinin skan edilməsi vasitəsilə əlavə identifikasiya lazım olacaq.
Təşəbbüs onlayn dələduzluq hallarına qarşı mübarizə məqsədi daşıyır. Artıq Çində küçədə quraşdırılan nəzarət sistemlərində üzün tanınması texnologiyasından geniş istifadə olunur. Çin bu kimi texnologiyaların tətbiqi üzrə dünya lideri olub. 2017-ci ildə Çin Xalq Respublikasında artıq 170 milyon kamera işləyirdi, 2020-ci ildə isə bu göstərici 400 milyonadək yüksələcək. Artıq çinlilər gündəlik həyatda (məsələn, hava limanında naviqasiya və ya supermarketdə məhsulların ödənişi üçün) üzün tanınması texnologiyasından aktiv istifadə edirlər.
Bir çox ölkələrdə mobil internetə giriş üçün istifadəçiyə SIM-kartların rəsmiləşdirilməsi zamanı şəxsiyyəti təsdiq edən rəsmi sənəd lazım olur. Çin bu proseduru istifadəçi məlumatlarının uyğunluğunu yoxlamaq üçün üzün skan edilməsi ilə tamamlayır.